Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illik yubileyinə həsr olunmuş gimnastikanın 6 növü üzrə birgə yarışlara start verilib. Bu gün yarışın açılış mərasimində təqdim edilən möhtəşəm qala-şou unudulmaz anlarla yadda qalıb. Yarışların açılış mərasimi zamanı tamaşaçılara dünyaşöhrətli gimnastika ulduzlarının ifasında qala-şou təqdim olunub. İdmançılar təqdim etdikləri maraqlı nümunəvi çıxışları ilə azarkeşlərə öz ustalıqlarını nümayiş etdiriblər. Qədim tarixə və mədəniyyətə malik Şəki şəhərində keçirilən birgə yarışlar çərçivəsində idman gimnastikası və akrobatika gimnastikası üzrə 27-ci, qadın idman gimnastikası, batut gimnastikası və aerobika gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan çempionatı və bədii gimnastika üzrə 27-ci Azərbaycan birinciliyi baş tutacaq. Yarışların ilk günündə bədii gimnastika üzrə 11-12 yaşlı yeniyetmələr fərdi, halqa, top, gürzlər, akrobatika gimnastikası üzrə 12-18 yaşlı yeniyetmələr fərdi, kişi cütlüyü, qadın qrupu, qarışıq cütlük, çoxnövçülük, halqa, top, lent, gürzlərlə proqramlar mübarizə aparıblar. Sonda nümayiş etdirilən hərəkətlərin icrasına görə verilən xallara əsasən qaliblər müəyyənləşdirilərək mükafatlandırılıblar. Məşhur idmançıların iştirakı ilə keçirilən yubiley yarışı dekabrın 11-dək davam edəcək və Şəki tamaşaçılarına unudulmaz anlar bəxş edəcək. Onu da qeyd edək ki, yarışlara giriş sərbəstdir.