Şəkidə “3 Dekabr-Beynəlxalq Əlillər Günü” münasibəti ilə Reabilitasiya Mərkəzində tədbir keçirilib. Mərkəzin işçilərinin, incəsənət, musiqi məktəbinin, orta məktəbin şagirdlərinin, qazilər və mərkəzdə müalicə olunan əlillərin iştirak etdiyi tədbirdə çıxış edənlər ölkəmizin hər yerində olduğu kimi, Şəki rayonunda da əlillərin diqqət və qayğı ilə əhatə edildiyini, rayonda fəaliyyət göstərən fiziki və sağlamlıq imkanları məhdud şəxslərin müalicə olunduğunu bildiriblər. Onların cəmiyyətə fəal inteqrasiya olunması istiqamətində müvafiq işlərin görüldüyü, əlillərin rifah halının yaxşılaşdırılması, bu qəbildən olan insanların sosial problemlərinin həlli, mənzil şəraitinin daha da yaxşılaşdırılması və pensiya müavinətlərinin artırılması sahəsində məqsədyönlü addımların atıldığı diqqətə çatdırılıb. Daha sonra tədbir çərçivəsində mərkəzdə müalicə olunan əlillərə hədiyyələr verilib, işində fəal olan işçilərə təşəkkürnamələr təqdim olunub. Kanal S MMC də fəxri fərmanla təltif edilib. Ardınca əlillərin əl işlərinə baxış olub. Tədbir konsert proqramı ilə davam edib.