Bu ürək bulandiran mənzərə hansısa zibil poliqonunda deyil, Şamaxı rayonunun Çaylı kəndi ərazisində qeydə alınıb. Rayon mərkəzindən bir qədər aralıda olan bu ərazinin füsünkar təbiəti məişət tutlantıları ilə çirkləndirilib. Zibillik poliqonuna çevrilən əraziyə atılan tullantıların böyük əksəriyyəti tez alışan və yanğına meyilli olan tullantılardı.Əgər hər hansısa kənar müdaxilə olarsa, yanğınlar qaçılmaz olacaq. Digər tərəfdən açıq şəkildə tibbi tullantıların kəndin ətrafına atılması müxtəlif xəstəliklərin daha tez yayılmasına səbəb ola bilər. Zibillənən ərazi kənd sakinlərinə məxsus örüş sahələridir.Sakinlər deyir ki bura atılan müxtəlif tullantılar külək səbəbindən ətrafa yayılır. Yaxınlıqdakı taxıl sahələrinə yayılan müxtəlif tullantılar səbəbibindən kəndlilər əkin-biçin vaxtı sahələrdən istifadə edə bilmirlər. Zibilliyə çevrilən ərazinin yaxınlığında yerləşən su anbarının olması kənd sakinlərini narahat edir. Kəndin mənzərəsini pozan natəmizlik və pis qoxu bir yana, əhali həmin anbarın suyundan içir və təsərrüfatda istifadə edir. Nəticədə yaranan antisanitar vəziyyət insanlar və digər canlılar üçün həyati təhlükə yaradır. Ərazi təmizlənmədiyindən zibil günü-gündən artır. Məişət tullantıların toplanması və daşınması bilavasitə yerli özünü idarəetmə orqanlarının işi olduğundan kəndin bələdiyyəsi və kənd icra nümayəndəsi ilə əlaqə saxladıq. Hər ikisi müsahibə verməkdən boyun qaçırsa da sonradan icra nümayəndəsi açıqlama vermək qərarına gəldi. Ümid edirik ki, bununla da problem birdəfəlik həllini tapar.