Bəli, artıq neçə ildir ki, nə Şəkinin mərkəzində kanalizasiya xəttinin çəkilişi qurtarır, mə də bərbad halda olan yollar asfaltlanır. İri çuxurlar, yarğanlar, yayda tozlu, qışda palçıqlı küçələr sakinləri artıq təngə gətirib. Yolların belə halda olması sakinləri həm xərcə salır, həm də şəhərdə hərəkəti çətinləşdirir. Yolların acınacaqlı vəziyyətindən ən çox əziyyət çəkənlərdən biri də marşrut sürücüləridir. Qazılmış yollar səbəbindən daim marşrutlarını dəyişməli olurlar. Bu, həm sərnişinləri dayancaqlardan uzaq salır, həm də mikroavtobus sürücülərini əlavə xərcə salır. Üstəlik qazılmış yollar qəza şəraiti də yaradır. Məsələ bu yaxınlarda respublikanın ali kürsüsü olan Milli Məclisdə belə qaldırılıb. Şəkini təmsil edən millət vəkili Vüqar İskəndərov şəhərin yolları ilə bağlı yaşanan çətinliyi dilə gətirib və problemin qısa zamanda həll olunmasının vacibliyini qeyd edib. Şəkililər ümid edir ki, Millət vəkilinin bu çağırışına səs veriləcək. Və problem tezliklə həllini tapacaq. Beləcə Şəki sakinlərinin illərdir kabusuna çevrilən problem aradan qalxmış olacaq.