Sosial şəbəkədə bankın adına səhifə açaraq dələduzluq edən şəxs ifşa edilib. Qəbələ Rayon Polis şöbəsinə müraciət edən zərərçəkən kartında olan məbləği öyrənmək məqsədilə “Instagram” sosial şəbəkəsində banklardan birinin səhifəsinə yazdığını, kart məlumatlarını özünü bank işçisi kimi təqdim edən şəxsə göndərməsi nəticəsində hesabında olan 2000 manat pulun çıxarıldığını bildirib. Araşdırma zamanı sosial şəbəkədəki həmin səhifənin qeyri-rəsmi, yəni saxta olduğu, vətəndaşların pullarını ələ keçirmək məqsədilə naməlum şəxs tərəfindən yaradıldığı müəyyən edilib. Dələduzluq cinayətini törədən Mingəçevir şəhər sakini, 23 yaşlı Asif Osmanov şübhəli şəxs qismində saxlanılıb. Onun əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə və Qəbələ Rayon Polis Şöbəsinə müraciət edə bilərlər.