Zəfər Gününə həsr olunmuş “Xüsusi Təyinatlı Gənclik” hərbi-vətənpərvərlik düşərgəsi başa çatıb. Düşərgənin bağlanış mərasimində Gənclər Fondunun, Qax Rayon İcra Hakimiyyətinin,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və digər qurumların rəsmiləri, eləcə də Qarabağ qaziləri və Vətən Müharibəsi Qəhrəmanları iştirak ediblər. Mərasim düşərgə iştirakçılarının təqdimatında hərbi proqramın nümayişi, vətənpərvərlik ruhunda biri-birindən maraqlı şeir, musiqi və rəqs nömrələri ilə davam edib. Sonda 120 gəncin iştirakı ilə baş tutan “Xüsusi Təyinatlı Gənclik” - 2 hərbi-vətənpərvərlik düşərgəsinin qalib komandası müəyyənləşib. 5 gün boyunca yüksək nizam-intizam və fəaliyyətlərdə daha aktiv iştirak edən, qiymətləndirmə meyarları üzrə ən yüksək nəticə göstərən “Dəniz pişikləri” komandası 2022-ci il üzrə düşərgənin qalibi elan olunub. Qalib komandaya kubok, medal və hədiyyələri düşərgənin təlimatçıları və Vətən müharibəsi qaziləri təqdim ediblər. Artıq ikinci ildir ki, təşkil olunan və gənclər tərəfindən böyük maraqla qarşılanan düşərgənin hər il keçirilməsi nəzərdə tutulur.