Təhsil Nazirliyinin 6-ci Qrand müsabiqəsinin qalibi olan Şəki şəhər 17 saylı tam orta məktəbin “Dəyərlərimizlə müasirləşək” adlı layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə məktəbin şagird və müəllim kollektivi ilə yanaşı, təhsil işçiləri, ictimaiyyət nümayəndələri və qazilər iştirak ediblər. Çıxış edənlər Vətən müharibəsində öz canlarından keçən şəhidlərimizdən, qəhrəmanlıq göstərən qazilərimizdən danışıblar. Məktəblilər də öz növbəsində gələn qonaqlara ədəbi-bədii kompozisiyalar təqdim ediblər. Məlumat verilib ki, 4 ay ərzində fəaliyyətini davam etdirəcək layihə, mart ayında yekunlaşacaq. Məktəblilərə milli dəyərlərimiz olan xalçaçılıq, oymaçılıq sənətinin incəlikləri öyrədiləcək. Layihə xalq sənətimizi tanıtmaq eyni zamanda əl işi ilə fərqlənən şagirdləri üzə çıxarmaq baxımından böyük əhəmiyyət kəsb edir. Layihədə 20 şagird iştirak edir. Sonda iştirakçılar sertifikatla təltif olunacaqlar.