Bağlardan hər gün adambaşına 250-300 kiloqram məhsul yığılır. Üzümçülüyün onlar üçün həm gəlir mənbəyi, həm də dədə-babalarından qalan bir sahə olduğunu deyən Durdanə nənə, məhsul yığımını yaxın vaxtlarda yekunlaşdıracaqlarını bildirir. Son iyrimi ildə müxtəlif növ üzüm sortları yetişdirən sahibkar Habil Əzimovun sözlərinə görə vaxtilə üzümçülük rayonu kimi tanınan bölgədə son illər bu ənənəvi və gəlirli sahənin inkişafı artmaqdadır. Bu işdən həm sahibkarlar həm də kəndlilər gəlir əldə edir. Fermerlər üzümçülükdə müəyyən problemlərin olduğuna da diqqət çəkir. İlk növbədə qiymət onları qane etmir. Ən keyfiyyətli üzüm 80 qəpikdən satılır. Bu da fermerin bağlara çəkdiyi xərci belə ödəmir. Hazırda bağlardan toplanan məhsul satış üçün yerli və xarici bazarlara çıxarılır. Həmçininqış aylarında satış həyata keçrimək üçün soyuducu anbarlara yığılır. İlkin mərhələdə daha tez yetişən “Prima” və “Kardinal” süfrə sortlu üzüm yığılıb. Növbəti mərhələdə şirə və şərab üçün nəzərdə tutulan məhsulların tədarükünə başlanılıb.Vaxtilə üzümçülük rayonu kimi tanınan bölgə üzümçüləri əvvəlki şöhrətlərini geri qaytarmaq əzmindədirlər. Həyata keçirilən Dövlət proqramı da üzümçülüyün yenidən dirçəldilməsində mühüm rol oynayıb. Sahibkarlara dəstək məqsədi ilə subsidiyalar verilib, yeni üzümçülük təsərrüfatları yaradılıb. Xatırladaq ki,ötən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Sonradan bu sahə tənəzzülə uğradı. Hazırda isə Şamaxıda 1870 hektar üzüm bağı var. Bunun da 1700 hektarı bar verir. Məhsul yığımı bütün ərazilərdə, xüsusilə Meysəri, Məlcək, Mirikənd, Qaravəlli, Həmyəli, Sabir, Adnalı, Çarhan, Mədrəsə, Şəhriyar inzibati ərazi dairələrində daha mütəşəkkil aparılır. Hər gün sahələrə 300-350 nəfərə yaxın işçi qüvvəsi çıxır.