İsmayıllıda aqoniya – can vremə halında olan iki at kəsilib. Həmin heyvanların 210 kq ətinin satışa çıxarılmasının qarşısı alınıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Belə ki, Agentlik əməkdaşları tərəfindən Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş reyd zamanı İsmayıllı rayonu, Yuxarıbaş kəndində vətəndaş Vüqar Ziliyevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində ümumi çəkisi 210 kq 2 baş at cəmdəyi qalıqları aşkarlanıb. İlkin araşdırmalar nəticəsində heyvanın aqoniya halında kəsildiyi və istehlaka yararsız olduğu müəyyən edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsulun toxunulmazlığı təmin edilib və nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Araşdırmalar davam etdirilir.