Kənardan baxdıqda müasir binası olan Şəki şəhər 14 saylı tam orta məktəb təəssüf ki, qaranlığa qərq olub. Elektrik enerjisinin olmaması səbəbindən məktəbdə nəinki müasir texnologiyalarla dərs keçmək, su belə tapmaq mümkün deyil. Məktəbdə çəkilişlə bağlı hər nə qədər çətinlik yaşasaq da öyrəndik ki, işığın olmamasına səbəb paylayıcı trasformatorda yaranan nasazlıqdır. Bu səbəbdən bir aya yaxındır ki, dərslər qaranlıqda keçirilir. Şin kənd orta məktəbində də eyni vəziyyət hökm sürür. May ayında baş verən təbii fəlakətdən sonra elektrik enerjisinə həsrət qalan məktəbin kollektivi və sakinlərin müraciət etmədikləri qurum, döymədikləri qapı qalmayıb. Ancaq məktəb elektriklə təmin edilmir ki, edilmir. Qış fəslinin yaxınlaşması isə istiliyi elektrik enerjisi ilə təmin olunan məktəbin valideynlərini daha da nartahat edir. Şəki Elektrik Şəbəkəsindən isə verilən məlumata görə, problemlə bağlı ilk öncə rəsmi qaydada ASAN Xİdmət MƏrkəzinə müraciət edilməli, smeta hazırlanmalı ardınca dövlət rüsumu ödəndikdən sonra problem həll edilməlidir. Aradan keçən bu müddət ərzində quruma heç bir rəsmi müraciət edilmədiyindən hələlik problemin həlli istiqamətində də addım atılmayıb. Ümid edirik soyuqlar düşmədən aidiyyatı qurumlar arasındakı anlaşmazlıq aradan qalxar və gələcəyimiz olan körpələrin keyfiyyətli təhsil almaq hüququna ciddi əngəl törədən bu problem də həll olunar.