Zaqatalanın Meşleş,Yuxarı Tala,Car,Yuxarı Çardaqlar,Əzgilli,Qalal, Qas və başqa dağətəyi kəndlərində sakinlərin əsas gəlir mənbəyi şabalıd bitkisidir. Artıq bir həftədir ki, şabalıd yığımına başlanılıb.Şabalıd yığıldıqdan sonra isə anbara vurularaq satışa çıxarılır. Son illər şabalıd ağaclarında yayılan xəstəlik və ağacların kütləvi quruması bazar qiymətlərinə də təsir edib. Hazırda şabalıd iri və ya xırdalığından asılı olaraq bazarlarda 3-7 manata satılır. Yeni il, Novruz bayramı öncəsi isə təlabatın çoxalması ilə əlaqədar qiymətlərdə ənənəvi artım müşahidə olunur. Son 15 ildə şabalıd ağaclarında aşkarlanan gövdə yanığı və qara xərçəng kimi xəstəliklərdən xeyli sayda ağac quruyaraq məhv olub. Bu il isə bağlarda yayılan yeni və daha təhlükəli xəstəlik şabalıd ağaclarının yenidən kütləvi şəkildə quruyaraq, məhv olmasına gətirib çıxara bilər. Xəstəliyin törədicisi yarpaqları məhv edən brifosmos urifilus həşəratıdır. Bundan əlavə, bir şabalıd tinginin böyüyərək bar verməsi üçün 15-20 ilədək vaxt lazımdır. Bir əsrdən çox yaşları olan şabalıd bağlarının kütləvi quruması, dağətəyi kəndlərdə yaşayan sakinlərin dolanışığına təsir etdiyi kimi, bölgədə arıçılığa da mənfi təsir göstərəcək. Şabalıd çiçəyi əsas balgətirən çiçəklərdən olmaqla yanaşı, şabalıd balıda olduqca xeyirli və bir çox xəstəliklərin dərmanıdır. Artıq kütləvi yayılmağı müşahidə edilən bu xəstəliklə hansısa bağ sahibinin təkbaşına mübarizə aparması mümkünsüzdür. Vaxtında genişmiqyaslı mübarizə tədbirləri görülməsə, şabalıdın əksər növləri tamamilə məhv ola bilər.