Bazar, 09 Oktyabr 2022 13:18

Çağırış bildirişi məhkəmədən 2 ay sonra gəldi...

Müasir rəqəmsallaşan dünyada ənənəvi rabitə xidmətlərinin, xüsusən də poçt xidmətlərinin əhəmiyyəti azalsa da bəzən bu xidmətin olmaması, vaxtında və yetərli işləməməsi vətəndaşlara ciddi çətinlik yaradır. Belə hadisələrdən biri də Şəki rayon İbrahimkənd sakininin başına gəlib. Vətəndaşa məhkəməyə gəlməsi ilə bağlı çağırış bildirişi məhkəmənin keçirilməli olduğu vaxtdan düz 2 ay sonra məhkəmə qərarı ilə birgə çatdırılıb. Bu hadisənin fonunda Şəki rayonunda poçt xidmətinin təşkilinin səviyyəsi ilə maraqlanmışıq. Tez-tez şikayət edilən məsələlərdən bir də bildirişlərin vətəndaşlara poçt xidmətinin ləngliyi ucbatından gec gəlib çatmağıdır. Şikayətçi 35 yaşlı İbrahimkənd sakini Sənan Məmmədov bildirir ki, poçt xidmətinin yetərsizliyi nəticəsində o hüquqlarını məhkəmədə qoruya bilmək imkanından məhrum olub. Bununla da əleyhinə çıxarılan qərarla maddi ziyana uğrayıb. Sakinlərin sözlərinə görə məktub və bağlamaların çatdırılması kənddə həmişə problem olur. Səbəb isə odur ki, kəndin özündə poçt xidməti yoxdur. Onlar adlarına gələn bağlama, məktub və bildirişləri almaq, həmçinin müvafiq kommunal xidmətlərin ödənişlərini həyata keçirmək üçün kənddən 7 kilometr uzaqlıqdakı Aşağı Küngüt kəndinə getməli olurlar. Aşağı Küngüt poçt məntəqəsiin poçtalyonu da xidmət sahəsinin böyüklüyündən şikayətlənir. Mövcud problemlərlə bağlı Azərpoçta unvanladığımız sorğuya cavab olaraq bildirildi ki, bağlama və məktubların daşınmasında hər hansı bir çətinlik yoxdur. Ölkə daxili bütün poçt göndərişləri 3-4 gün ərzində çatdırılır. İbrahimkənd, Qırxbulaq kimi kəndlərdə poçt xidmətinin təşkilinə gəlincə isə əhalinin sayının 3 min nəfərdən artıq olduğu təqdirdə yeni şöbənin açılmasına baxıla bilər. Xatırladaq ki, 1 şəhər 2 qəsəbə və 68 kəndə malik Şəki rayonunda 35 poçt şöbəsi fəaliyyət göstərir.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S