Payız fəsli gələn kimi havaların soyuması ilə mövsümi xəstəliklər də artır. Xüsusilə immun sistemi zəif uşaqların səhhətində arzuolunmaz hallar müşahidə edilir. Son zamanlar belə hallar xeyli artıb. Həkimlər valideynləri övladları xəstəlikdən tam sağalmadan məktəbə və ya bağçaya göndərməməyə çağırır. Uşaqlar arasında qızdırma, qusma, halsızlıq, boğaz ağrısı kimi əlamətlərlə müşayiət olunan xəstəlik geniş yayılıb. Bu da məktəb və bağçalarda uşaqların davamiyyətinə öz təsirini göstərir. Pediatr deyir ki, yayılan viruslar daha çox mövsümi xarakter daşıyır. Uşaqlarda bakteriya və virusların aktivliyinin artmasına səbəb immunitetin güclü olmamasıdır. Mütəxəssislər həmçinin uşaqların həkim rəyi əsasında müalicə edilməsinin vacibliyinə diqqət çəkir. Xüsusilə də antibiotikdən ancaq həkim tərəfindən təyin olunduqda istifadə edilməlidir. Mütəxəssislər bildirirlər ki, balanslaşdırılmamış və yetərsiz qidalanma immuniteti zəiflədərək orqanizmi müdafiəsizləşdirir, nəticədə həmin orqanizm xəstəliyə daha tez yoluxur. Buna görə də mövsümi xəstəliklərdən qorunmaq üçün qida rasionuna diqqət yetirmək çox vacibdir. Vitamin və minerallarla zəngin meyvə tərəvəz, balıq və ət məhsullarından daha çox istifadə etmək, maye balansını qorumaq xəstəliklərə yoluxma riskini də azaldır.