Şamaxının Niyazi Nəcəfov küçəsinin sakinləri də uzun illərdir yol həsrəti çəkirlər. Maraqlısı budur ki, küçə salınan bu yana asfalt üzü görməyib. Şamaxı rayonunda yerləşən Niyazi Nəcəfov küçəsi istismara yararsız olduğundan yaşlı insanlar, məktəblilər, eləcə də digər sakinlər rahat hərəkət edə bilmir. Sakinlərin sözlərinə görə, payız-qış aylarında, əsasən də yağıntılı havalarda küçə daha da keçilməz olur. İri çuxurlar, çay daşları piyada və sürücüləri burdan keçməyə peşman edir. Sakinlərin sözlərinə görə, taksi sürücüləri bir çox hallarda bu əraziyə gəlməkdən imtina edir və ya daha baha qiymətə aparırlar. Yolun təmirsiz olması təcili yardım və yanğınsöndürən maşınlarının da işini çətinləşdirir. Problem ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, Şamaxı şəhərinin abadlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Tezliklə Niyazi Nəcəfov küçəsinin yol problemi də öz həllini tapacaq.