Son günlər təhsil müəssilərində baş verən xoşagəlməz hadisələr gündəmdədir. Təəsüf ki, belə hadisələrdən biri də Şəkinin Cəfərabad kənd orta məktəbində baş verib. Belə ki, müəllim və şagirdlər dərslərə qatılmayıb. Etirazçılar məktəbin direktorunun məktəbə girməsinə imkan verməyiblər. Cəfərabad kənd orta məktəbinin müəllimləri iddia edir ki, bir müddət öncə haqqında araşdırma başladılan Rahim Salamov təhvil-təslim prosesinin aparılmasına baxmayaraq hələ də direktor kimi fəaliyyətini davam etdirir. Bu isə məktəb kollektivinin kəskin etirazına səbəb olub və onlar dərslərə girməyə imtina ediblər. Hadisə yerinə gələn Elm və Təhsil nazirliyinin Şəki- Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşları qaldırılan iddialarla bağlı araşdırmalara başlanıldığını bildiriblər. İddialar təsdiqini tapacağı təqdirdə məsələylə bağlı tədbir görüləcək. Xatırladaq ki, Cəfərabad kənd orta məktəbində 12 sinifdə 252 nəfər şagird təhsil alır və onlara 49 nəfər müəllim dərs deyir. Araşdırmanın nəticəsi ilə bağlı isə ictimaiyyətə əlavə məlumat veriləcək.