Tarixi və abidələriylə turistləri özünə cəlb edən Şəkidə hələ də bir çox abidənin yenidən bərpa və ya restavrasiya olunmasına ciddi ehtiyac var. Bunlardan biri də tarixi tikili olan Dərə hamamıdır. Bir zamanlar insanların paklanmasını təmin edən hamamın bu gün özünün ağ günə çıxmasına ehtiyac var. Şəkinin Gəncəli məhəlləsində yerləşən XIX əsrdə sahibkar Məmmədnəbi tərəfindən tikilən “Dərə hamamı” baxımsızlıq ucbatından yararsız haldadır. Ümumi sahəsi 89 kvadratmetr hamama su saxsı borular vasitəsilə yaxınlıqdakı qədim su kəmərindən verilib. Ötən əsrin 80-ci illərinə qədər fəaliyyət göstərən hamam artıq 40 ildir ki, qapılarını sakinlərin üzünə bağlayıb. Hazırda pəncərələri sındırılan, qapısı qıfıllanan Dərə hamamının içində sakinlərin dediyinə görə ilanlar, gəmiricilər, eləcə də sahibsiz itlər məskən salıb. Həmçinin hamamın uçan tavan və divarları məhəllə sakinləri üçün də təhlükə yaradır. Məsələ ilə bağlı Yuxarı Baş Milli Tarix Memarlıq qoruğundan bildirildi ki, hamam təmir-bərpa ediləcək abidələrin siyahısına salınıb. Bərpadan sonra tarixi abidənin yenidən fəaliyyətə başlayacağı da istisna edilmir. Belə görünür ki, hamamın yenidən restavrasiya edilib köhnə günlərinə qayıtmasına az qalıb. Biz də ümid edək ki, deyilən sözlər və layihə kağız üzərində qalmaz .