27 sentyabrda başlayan Vətən müharibəsində o da silah yoldaşları ilə birgə canını qoymuşdu ortaya. Qazanılan hər zəfərdə payı olduğundan sevincinin, qürurunun həddi yox idi. Məqsədi ömrü yetdiyi qədər Vətən torpağını qorumaq idi. Bu səbəbdən müharibə başa çatdıqdan sonra da ordu sıralarını tərk etmədi... Ta ki düşmən gülləsinə tuş gələnə qədər... Söhbət şəhid Fərid Lətifovdan gedir. 21 yaşlı Şəhid Fərid Lətifov 44 günlük Vətən müharibəsinin qəhramanlarından biri idi. Müharibə dövrü ərzində demək olar bütün cəbhə boyu vuruşan bu igid gənc əsgər olmasına baxmayaraq düşmənin qorxulu yuxusuna çevrilmişdi. Buna görə də “Şücaətə görə” , "Füzulinin, Xocavəndin, Cəbrayılın, Kəlbəcərin və Şuşanın azad edilməsinə görə" medalları ilə təltif edilib. Çox ağır və şərəfli döyüş yolu keçən Fərid Lətifov müharibədən sonra da qalıb xidmətini davam etdirmək qərarı alır. Xüsusi təyinatlı dəstədə xidmət edən Fərid cəmi iki il sonra Sentyabrda Kəlbəcərdə düşmənin törətdiyi təxribat nəticəsində şəhidlik zirvəsinə ucalıb. Şəhid Fərid Lətifov sentyabrın 15-i Şəkinin şəhidlər xiyabanında dəfn edilib.