27 sentyabr – Anım Günü Azərbaycanın hər yerində olduğu kimi Şimal-Qərb bölgəsində də dərin ehtiramla qeyd edilib. Tarixi zəfəri qanları ilə yazan şəhidlərin qəbirləri ziyarət olunub, vətən uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsi yad edilib. Azərbaycana Şanlı Zəfəri qazandıran, ərazi bütövlüyümüz naminə canlarından keçən əbədiyaşar qəhrəmanlarımız Şəkidə də ehtiramla anılıb. Rayon ictimaiyyəti ilk öncə Şəhidlər xiyabanını ziyarət ediblər. Ardınca Vətən müharibəsində canlarını qurban verən qəhrəmanların qəbirləri ziyarət edilib, gül dəstələri düzülüb. Heydər Əliyev Mərkəzində davam edən anım günü tədbirində çıxış edənlər ən böyük qürur mənbəyi olan şəhidlərimizin qəlblərdə əbədi yaşayacağı vurğulayıb, ölkəmizdə şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən dövlət qayğısından bəhs ediblər. 27 sentyabrda başlayan Vətən müharibəsinə və xalq ordu birliyinə həsr olunan filmin nümayişi olub. Həmçinin Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsinə ağacəkmə aksiyası keçirilib. Ölkəmizin hər yerində olduğu kimi, Şəkidə də saat 12:00-da Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb. Anım Günü Şamaxı rayonunda da silsilə tədbirlərlə qeyd olunub. Şamaxı Tarix-diyarşünaslıq muzeyinin qarşısında təşkil olunmuş tədbirdə çıxış edənlər Şanlı Ordumuzun böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsindən söhbət açıblar. Şəhidlərimizin bizə bəxş etdiyi misilsiz qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığı, onların əziz xatirəsinin qəlbimizdə daim yaşayacağı diqqətə çatdırılıb. Sonda şagirdlərin ifasında ədəbi-bədii kompazisiyalar nümayiş olunub. Daha sonra Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin məzarı üzərinə tər çiçəklər düzülüb, onların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Anım Günü ilə əlaqədar Qəbələ rayon ictimaiyyəti Şəhidlər Xiyabanına toplaşıb. Çıxış edənlər Böyük Zəfərlə yekunlaşan qələbəmizdən bəhs edib, şəhid və qazilərimizin qəhrəmanlıqlarından söz açılıb. Sonda iştirakçılar xatirə kompleksini ziyarət edərək, məzarlara və xatirə lövhələrinin qarşısına gül dəstələri düzüblər. Anım tədbirləri çərçivəsində rayonda ağacəkmə aksiyası da həyata keçirilib. Anım Günü ilə əlaqədar Qax rayonunda da anım tədbiri keçirilib. İctimaiyyət nümayəndələri Şəhidlər xiyabanına gələrək ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman oğulların məzarını ziyarət edib. Çıxış edənlər bildirib ki, ərazi bütövlüyümüz uğrunda başlanan savaşda Qax rayonunun qəhrəman oğulları da rəşadətlə vuruşublar. Bu Qələbə şəhidlərimizin canı, qazilərimizin qanı hesabına qazanılıb, hərbçilərimizin rəşadəti sayəsində əldə ounub. Anım tədbiri mədəniyyət işçilərinin hazırladığı ədəbi-bədii kompozisiya ilə başa çatıb.Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib . Anım Günündə Balakəndə Bayraq muzeyindən Şəhidlər Xiyabanına doğru yürüş təşkil edilib. İctimaiyyət nümayəndələri Vətən müharibəsində Balakən rayonundan olan şəhidlərin fotolarından ibarət plakatlarla yürüş edərək şəhidlərimizə ehtiramın əbədiliyini nümayiş etdiriblər. Daha sonra “Şəhidlər Xiyabanı”nda ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçmiş mərd Vətən oğullarının məzarları ziyarət edilib, ağacəkmə aksiyası keçirilib. Rayon mədəniyyət və istirahət parkında davam etdirilən tədbirdə şəhidlərimizin şərəfli döyüş yolundan, əsgər və zabitlərimizin cəbhədə göstərdikləri qəhrəmanlıqlardan söz açılıb. Daha sonra rayon mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Sonda bütün ölkə ərazisində olduğu kimi Balakəndə də şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.