Hələ 13 yaşında ikən atasının döyüşçü vəsiqəsinə baxıb özünə də bir vəsiqə düzəltmişdi. Üzərində bu sözlər yazılmışdı : "Allahverdiyev Zöhrab Sübhan oğlu, etibarlılıq müddəti 2020-ci il..." Sözün bitdiyi və gözlərimizi yaşardan məqam - axı necə ola bilərdi ki, 13 yaşlı bir uşaq şəhid olacağını, xüsusən də həmin tarixi illər öncəsindən dəqiqliklə bilsin..? Zöhrab Allahverdiyev 2001-ci ilin 28 sentyabrında Şamaxıda, döyüşçü ailəsində dünyaya göz açıb. Atası, Sübhan Allahverdiyev Birinci Qarabağ Müharibəsində döyüşüb. Elə bu səbəbdəndir ki, Zöhrabın da uşaqlıq vaxtlarından hərb sahəsinə həvəsi yaranıb. Döyüşçü olmaq onun kiçik qəlbinin ən böyük arzusuna çevrilib. Ailəsi deyir ki, bir başqa sevgi duyurdu Vətənin hər qarış torpağına qarşı. Sanki böyükdən kiçiyə, irsən keçmişdi vətənə bağlılıq.. Tez-tez atasından müharibə haqqında soruşar, onu diqqətlə dinləyərdi. Savaş filmlərində belə özünə qəhrəmanlar seçər, tez bir zamanda böyüyərək səngərlərə getməyi arzulayardı. Zöhrab məktəb vaxtlarından idmana da həvəs göstərib, dəfələrlə cüdo üzrə müsabiqələrdə qabaqcıl yerlər tutub. 2018-ci ildə orta məktəbi bitirdikdən sonra ömrünün geri qalan hissəsini Vətənin keşiyinə həsr etmək idi hədəfi. Elə bu məqsədlə də səngərlərə yollandı. "2-ci Qarabağ müharibəsi" başlayanda Zöhrab əsgər idi. Təbii ki, yurdumuzun bu dar günündə o da silahına bürünərək təmas xəttinə, qızğın döyüşlərin getdiyi ərazilərə yollandı. Neçə-neçə adsız yüksəkliklərin, işğal altında olan rayonlarımızın azadlığı uğrunda gözünü belə qırpmadan, gecə-gündüz savaşdı. Füzuli, Ağdərə və Suqovuşan istiqamətlərində böyük şücaətlər göstərərək düşmənin xeyli sayda texnikasını, canlı qüvvəsini məhv edib, 19 yaşında tariximizin ən şanlı səhifəsinə öz adını yazdırdı. Sinxron/Qəniyev İsaman şəhid atası. Oktyabrın 5-də anasına zəng edərək qələbə sevincini bölüşüb. Təəssüf ki, bu zəng elə son zəngi olub Zöhrabın.. Oktyabırın 10-da şəhidlik zirvəsinə ucalıb... Müharibə başlayan günün səhərisi doğum günü idi, 19 yaşı tamam olacaqdı. Oldu da, amma kazarmada, şamlı tortlarla yox, səngərlərdə, mənfur düşmən mərmilərinin gilizləri altında. Artıq 2-ci doğum günüdür ki, özü cənnətdə, ailəsi isə onsuz qeyd edəcək. Zöhrab ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.