Şamaxı Olimpiya Mərkəzində Vətən müharibəsi Şəhidi Naiq Ələkbərovun xatirəsinə həsr olunmuş cüdo üzrə turnir keçirilib. Yarışda respublikamızın müxtəlif şəhər və rayonlarından 270 nəfər idmançı iştirak edib. Açılış mərasimində rayon administrasiyasının, idman ictimaiyyətinin nümayəndələri, eləcə də şəhidin ailə üzvləri iştirak edib. Çıxış edənlər fiziki hazırlığın döyüş hazırlığının əsas tərkib hissəsi olduğundan, bu cür idman yarışlarının mühüm əhəmiyyətindən danışıblar. Yarışın sonunda I, II və III yerləri tutmuş idmançılar təltif ediliblər. Qeyd edək ki Azərbaycan Ordusunun giziri olan Naiq Ələkbərov oktyabrın 9-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda","Cəsur döyüşçü" , Cəbrayılın və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.