Bazar, 25 Sentyabr 2022 08:21

Qəzalı uşaq bağçalarının aqibəti necə olacaq?

Övladının gözəl şəraitə malik, müasir standartlara cavab verən bağçalarda təhsil alması hər bir valideynin arzusudur. Ancaq Şəkinin xüsusən də kəndlərində yerləşən bağçalarda hansısa standartlardan danışmağa dəyməz... Əksər bağçalar istifadəyə yararsız, təhlükəli binalarda yerləşir və bu vəziyyətdə azyaşlılar təlim-tərbiyə alır. Belə olan halda valideynlərin də narahatlığı başa düşüləndir. İki bağçanın timsalında ümumi vəziyyəti çəkib sizə göstərməyə çalışmışıq. Qəzalı uşaq bağçalarının aqibətinin necə olacağını sujetdən öyrənək.... Kəndlərdəki əksər bağçaların təmirə ehtiyacı var. Belə bağçalardan biri də Şəkinin Baş Zəyzid kəndində fəaliyyət göstərən uşaq bağçasıdır. Bağçaya daxil olar-olmaz burdakı şəraiti, daha doğrusu, şəraitsizliyi görmək mümkündür. Divarlar uçulub dağılıb, döşəmə çürüyüb, tavan bərbad vəziyyətdədir. Hazırda bağçada 2 qrup üzrə 35 uşaq tərbiyə alır. 8 min nəfərdən çox əhalisi olan kənd üçün isə bu çox aşağı göstəricidir. Oxşar vəziyyət Aşağı Küncüt kənd bağçasında da müşahidə olunur. Yalnız 15 körpənin təhsil və tərbiyə aldığı bağçanın problemləri saymaqla bitmir. Məktəbəqədər təhsil müəssisələri 2021-ci ilin sonlarından Elm və Təhsil nazirliyinin balansına keçib. Şəki-Zaqatala Regional Təhsil idarəsindən verilən məlumata görə, hazırda Şəki rayonunda fəaliyyət göstərən 61 məktəbəqədər təhsil müəssisəsindən yalnız 15-i müvafiq tələblərə cavab verir. Qalan 46 bağçanın binalası əsaslı və ya cari təmirə ciddi ehtiyac duyur. İnanırıq ki, verilən vədlər yerinə yetəcək və yaxın gələcəkdə bu körpə balalar yeni müasir standartlara cavab verən bağça binalarında təhsil alacaqlar.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S