Zaqatala fındığı ilə bağlı ötən buraxılışımızda sujet təqdim etmişdik. Görülən işlər nəticəsində rayon həm fındıq bağlarının sahəsinə, həm də fındıq istehsalına görə birinci yerdədir. Bu sahənin təbliği məqsədilə rayona prss-turlar təşkil edilir, festivallar keçirilir. Bu amil, rayonda qərzəkli meyvəçiliyin təbliği ilə yanaşı, rayonun turizm potensialına da müsbət təsir göstərir. Azərbaycan fındıq ixracı üzrə dünyada 3-cü ölkəyə çevrilib. Fındıq festivalının Zaqatalada keçirilməsi də təsadüfi deyil. Ölkənin fındıq bağlarının 25%-i burada yerləşir. Festivalda Kənd təsərrüfatı nazirliyinin, AQTA-nın, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin, yerli icra hakimiyyətinin təmsilçiləri, sahibkarlar iştirak ediblər. Vurğulanıb ki, Zaqatalanın məşhur “ata-baba” fındıq sortu, həmçinin bu bölgədə yetişdirilən məhsulları "qorunan məhsul irsi" siyahısına daxil edilib. Tədbir iştirakçıları sərgilənən məhsullar, tətbiqi sənət nümunələri və əl işləri ilə tanış olub, fındıq istehsalı və emalı ilə məşğul olan şirkətlərin nümayəndələri və fermerlərlə görüşüblər. Görüşlərdə məhsul yığımının gedişi, məhsuldarlığın artırılması üçün görülən işlər, fındıq məhsullarının emalı və ixracı ətrafında fikir mübadiləsi aparılıb, təkliflər qeydə alınıb. Festival çərçivəsində AQTA və Aİ-nin Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə fındıq ixracatçıları ilə görüş keçirilib. Çıxış edənlər bildirib ki, fındıq məhsullarına nəzarət daha da gücləndirilib. Azərbaycandan Avropa İttifaqına ixrac zamanı fındıq partiyalarında aflatoksin aşkarlanma halları əvvəlki illərlə müqayisədə kəskin azalıb. Görüşdə fındıq ixracında qarşıya çıxan əsas problemlər, təhlükəsiz məhsul istehsalı, fındıqda aflatoksin problemi və onun aradan qaldırılması yolları, sahibkarları narahat edən məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb.