Balakən rayonunun Yeni Şərif kəndində inşa edilən 360 şagird yerlik yeni məktəb binası istifadəyə verilib. Açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin rəsmiləri, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəsmiləri və təhsil işçiləri iştirak edib.Şəhidlərimizinın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər müəllim, şagird və valideynləri yeni tədris ilinin başlanması və təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışıblar. Sonra tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar. 360 şagird yerlik tədris binasında 15 sinif otağı, kimya, biologiya, fizika kabinet və laboratoriyaları, informatika, gənclərin çağırışaqədərki hazırlıq və 2 texnologiya kabineti, məktəbəhazırlıq otağı, kitabxana və kompüterlərlə təchiz olunmuş oxu zalı, 140 nəfərlik akt zalı, qarderob, idman zalı, 84 nəfərlik bufet şagirdlərin istifadəsinə verilib. Bina istilik, elektrik, müşahidə, havalandırma və yanğından mühafizə sistemləri ilə təmin edilib. 2022-2023-cü tədris ilində təhsil müəssisəsində 254 şagird, məktəbəhazırlıq qrupunda 19, birinci sinifdə isə 20 uşaq təhsil prosesinə cəlb olunub. Məktəbdə 30 nəfər pedaqoji işçi çalışır. Ümumilikdə rayon üzrə 2022-2023-cü tədris ilində 66 birinci sinifdə 1101 nəfər şagird təhsil alacaq.