Şamaxıda gənclər arasında "Sağlam bədəndə Sağlam ruh" devizi altında idmanın kross və gimnastika növləri üzrə respublika yarışlarının rayon mərhələsi keçirilib. Yarış Şamaxı şəhər stadionunda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Yarışın keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliği, gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi və onların daxili işlər orqanlarında, Daxili Qoşunlarda xidmətə həvəsləndirilməsindən ibarət olub. Tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin məsul işçisi polis polkovnik-leytenantı Etibar Hacıyev, Şamaxı Rayon Polis şöbəsinin rəis müavini polis polkovnik-leytenantı Seymur Hacıyev, Şamaxı Rayon Gənclər və İdman idarəsini rəisi Şahmar Hüseynov, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində idman-təlim şöbəsinin məşqçi-müəllimi Emin Məmmədov, idman ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak edib. Yarışa qatılan 60 nəfərə yaxın 20-25 yaş arasında olan gənclər yarışların proqramında müəyyən olunmuş marşurut üzrə 3000 m məsafəyə kross qaçışı və gimnastika hərəkətləri ilə çıxış edibilər. Yarışın sonunda hər bir hərəkət üzrə I, II və III yerləri tutmuş idmançılar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti tərəfindən müvafiq diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.