Şəhid olan Aqil Mirzəliyevin ad günündə adı verilən küçədə barelyefin açılış mərasimi olub. Mərasimdə RİH-nin əməkdaşları, ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri həmçinin Qəbələ rayonundan olan bir qrup şəhid ailələri iştirak ediblər. Əvvəlcə Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət edilib, ardınca Aqil Mirzəliyevin adını daşıyan küçədəki barelyefin açılışı olub. Çıxış edənlər şəhidin mənalı həyatından və qəhrəmanlıq nümunəsi olan döyüş yolundan danışıblar. Bildirilib ki, A. Mirzəliyev döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət ordeni” ilə təltif edilib. Mərasim məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlərlə davam edib.