Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə keçirilən“Yay Fest - Azərbaycan Gənclər Festivalı” çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə “İdeyadan biznesə” mövzusunda düşərgəyə start verilib. RİİB-in “İdeyadan biznesə” (I2B) layihəsi çərçivəsində 22-26 avqust tarixlərində təşkil olunan düşərgəyə respublikanın müxtəlif regionlarından innovasiyalar, texnoloji yeniliklər və startaplara maraq göstərən 220 gənc qatılıb. Düşərgənin açılış mərasimində çıxış edənlər bu cür layihə və tədbirlərin gənclərin hərtərəfli inkişafı, onların dünya görüşünün, bilik və bacarıqlarının artırılması, eyni zamanda yay mövsümündə asudə vaxtlarının səmərəli təşkilində əhəmiyyətindən danışıblar. Daha sonra qonaqlar iştirakçıları maraqlandıran sualları cavablandırıb, onlarla fikir mübadiləsi aparıblar. Tədbir konsert proqramı ilə davam edib. Düşərgənin daha maraqlı və yaddaqalan olması, gənclər arasında sağlam həyat tərzinin təbliği məqsədilə müxtəlif intellektual, əyləncəli yarışlar, idman oyunları, müsabiqələr, yaradıcılıq gecələri və konsert proqramlarının keçirilməsi nəzərdə tutulub. Xatırladaq ki, “İdeyadan biznesə” layihəsi ölkəmizdə startap hərəkatının inkişafı, gənclərə biznes ideyalarının həyata keçirilməsinə dəstək verilməsi, regionlarda innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsi, paytaxt və regionlarda innovasiya ekosistemi üzrə genişmiqyaslı əməkdaşlıq platformasının formalaşdırılması məqsədi daşıyır.