Şəki ilə qardaşlaşmış Türkiyənin İzmir vilayətinin Berqama bələdiyyəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın bu qədim diyarına səfər edib. Səfər çərçivəsində avqustun 23-də Şəki və Berqama şəhərləri arasında dostluq və qardaşlıq haqqında protokolun imzalanmasına həsr olunmuş mərasim keçirilib. Heydər Əliyev mərkəzində keçirilən mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin, İzmir vilayəti Berqama bələdiyyəsinin rəsmiləri, qardaş ölkənin nümayəndə heyətinin tərkibinə daxil olan müxtəlif siyasi partiyaların təmsilçiləri, həmçinin Milli Məclisin deputatı, Şəki bələdiyyəsinin rəhbər şəxsləri iştirak ediblər. Mərasimdə Şəhər İcra Hakimiyyətinin başçısı və Berqama bələdiyyəsinin sədri qardaşlaşmış şəhərlərin tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı barədə qısa təqdimatla çıxış ediblər. İmzalanma mərasimi başa çatdıqdan sonra hər iki şəhərin rəhbərliyi adından qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunub. Qonaqlar Mərkəzdə yerli ifaçıların təqdim etdiyi qısa konsert proqramını izləyiblər. Səfər proqramına uyğun olaraq, sonra türkiyəli qonaqlar “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisini gəzib, buradakı tarixi abidələrə baş çəkib, Şərq memarlığının nadir incisi hesab olunan Şəki Xan Sarayı ilə tanış olublar. Diqqətə çatdırılıb ki, 2019-cu il iyulun 7-də Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin qonaqlar Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzini gəziblər. Keramika mərkəzinin fəaliyyəti haqda və burada görülən işlər barəsində qonaqlara məlumat verilib. Eyni zamanda Türkiyəli qonaqlar şəbəkə sənəti ilə də yaxından tanış olublar. Onlara şəbəkə sənətinin incəlikləri və bu qədim sənətin Şəki tarixində böyük rolu olduğu bildirilib.