Zaqatala rayonunda Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) - Azərbaycan Tərəfdaşlıq Proqramına daxil olan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələrin iştirakı ilə kənd təsərrüfatı məhsullarının yarmarkası baş tutub. "Kənd Boğçası" fermer yarmarkasında qida qəhrəmanlarının məhsul və işləri təqdim olunaraq yerli qida məhsulları, qida təhlükəsizliyi və sağlam qidalanmanın əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb. Tədbirə qatılan qonaqlar xüsusi məhsullarla tanış olub, yerli aşpazların hazırladığı təamlardan dada və kiçik fermer təsərrüfatı sahiblərinə dəstək ola biliblər. Fermer yarmarkasının məqsədi yerli qida və kənd təsərrüfatı məhsullarınıtəqdim edərək potensial alıcı və istehlakçıları həmin məhsullara cəlb etmək, heç kəsi kənarda qoymadan daha yaxşı istehsal, daha yaxşı qidalanma və daha yaxşı həyat üçün inklüziv və dayanıqlı aqro-ərzaq sistemlərinin yaradılmasıdır. Kənd əhalisinin gəlirlərini və dolanışıq vəziyyətini yaxşılaşdırmaq və dəyər zənciri yanaşması ilə kiçik sahibkarlıq müəssisələrinin dəstəklənməsi yarmarkanın əsas hədəflərindən biridir.