Damazlıq təsərrüfatına gedən yol Tala çayının yatağından keçdiyindən,bura yalnız xüsusi nəqliyyat vasitələrinin köməkliyi ilə getmək mümkündür. Daşlı, dərəli, düzlü bu yol hər nə qədər keçilməz və çətin olsa da, təbiətin əsrarəngiz gözəlliyi yolun bütün çətinliklərini unutdurur. Eramızın 6,7-ci əsrlərində boz Qafqaz arısı məhz bu qayalıqlarda, ağac koğuşlarında ulu babalarımız tərəfindən kəşf edilib. Xortumunun uzunluğu ilə seçilən bu arı növü həm də xəstəliklərə davamlılığı və daha çox bal toplaması ilə seçilir. Kənd Təsərrüfatı Nazirliyinin və yerli İcra Hakimiyyətinin dəstəyi ilə yaradılan bu damazlıq təsərrüfatının yerləşdiyi ərazi heç də təsadüfi seçilməyib. Təsərrüfat yaşayış məskənindən, eləcə də digər arıçı yaylaqlarından müəyyən aralı məsafədə yerləşməlidir ki, damazlıq təsərrüfatında genefondu qorunaraq artırılan saf boz qafqaz arı cinsi digər təsərrüfatlarda saxlanılan başqa növlərlə qarışmasın. Təsərrüfat yeni yaradılmasına baxmayaraq,artıq damazlıq sahəsində bir çox işlər görülüb.Təsərrüfatda yetişdirilən saf boz qafqaz arısına yerli və xarici bazarda tələbat yetərincədir. Təsərrüfatda gələcəkdə damazlıq və seleksiya işləri ilə yanaşı, ekoturizm marşurutunun yaradılması da hədəflənib. Qarşıdakı illərdə balı təbiətin qoynunda dadmaqla yanaşı, damazlıq təsərrüfatında gedən işlərlə tanış olmaq istəyən yerli və xarici qonaqlar təsərrüfatda yaradılacaq ekoturizm xidmətlərindən istifadə edə biləcək.