Qəbələdə təşkil olunan “YAŞAT” idman düşərgəsi yekunlaşıb. Düşərgə “YAŞAT” Fondunun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Bank Respublikanın dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının tərəfdaşlığı ilə gerçəkləşib. layihə bu dəfə regionlarda – Kürdəmir, Balakən, Şəki, Qəbələ, Şamaxı və İmişlidə yaşayan, idmana marağı olan şəhid övladlarını əhatə edib. 8-13 yaş aralığındakı 22 şəhid övladı Qəbələ Olimpiya və İdman Kompleksində peşəkar məşqçi heyəti tərəfindən futbol, taekvando, qaydasız döyüş, stolüstü tennis, cüdo, boks, gimnastika və digər idman növlərinin məşqlərinə cəlb ediliblər. Eyni zamanda, onlar Azərbaycan kubokunun final görüşündə futbolçularla birgə meydana çıxıblar. Proqrama uyğun olaraq, Qəbələnin görməli yerlərinə ekskursiya və əyləncə proqramları da təşkil olunub. Layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı daha parlaq gələcək əldə etmələrinə dəstək olmaq, onların asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etmək, idmana marağı artırmaqdır.