Şəkidə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib. Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Şəki şəhəri, M.F.Axundov prospektində bir nəfərin çayda batma təhlükəsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Şəki Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb edilib. Hadisə yerində məlum olub ki, 57 yaşlı Adil Səlimov hündürlüyü 3 metr olan körpüdən çay dərəsinə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təhlükəli vəziyyətə düşüb. Xilasedicilər xüsusi xilasetmə vasitələri ilə vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Xəstəxanadan verilən məlumata görə, Adil Səlimov təzyiqi aşağı düşdüyündən körpünün üzərində müvazinəti itirərək yıxılıb. Yaralının vəziyyəti hazırda qənaətbəxşdir.