Zaqatalada artıq bir neçə gündür ki, çay yığımına başlanılıb. Erkən yazın yağmurlu keçməsi yığımı bi qədər ləngitsə də məhsuldarlığa müsbət təsir göstərib. Təsərrüfatçıların üzü gülür, məhsul ötən ilə nisbətən bol, qiymət də qaneedicidir. Belə ki, yaş çayın bir kiloqramının alış qiyməti bir manatdır. Ancaq əvvəllər 70 tona yaxın quru çay emal edilən Zaqatalada bu il cəmi bir neçə ton quru çayın emal ediləcəyi gözlənilir. O da havaların əlverişli keçməsi və edilən qulluğun hesabına. Suvarma sisteminin olmaması çayçıları yağan yağışın ümidinə qoyub. Yaxın aylarda bu problemin kökündən həll olunacağı gözlənilir. Təsərrüfatçılar hesab edir ki, suvarma sisteminin qurulması elə ilk illərdən məhsularlığın iki dəfəyədək artması ilə nəticələnəcək. Vaxtı ilə öz keyfiyyətinə görə nəinki Azərbaycanda, eləcə də dünyada tanınan Zaqatala çayının bu gün də yetərincə alıcısı var. Hal-hazırda rayonda bir kiloqram quru çayın qiyməti 25-35 manat aralığında dəyişir.