Son günlər yağan şiddətli yağışlar nəticəsində Qəbələnin Vəndam qəsəbəsində yerləşən Nohurgöl daşıb.Nəticədə ətraf ərazilər suyun içində qalıb. Ərazidə FHN-in Qəbələ Regional İdarəsinin əməkdaşları tərəfindən gölün səviyyəsinin normallaşdırılması və faunasına zərər dəyməməsi üçün profilaktiki tədbirlər aparılır.
Qaxda isə güclü yağış və ardınca yağan dolu rayon mərkəzində, eləcə də rayonun Qaşqaçay və Armudlu kəndlərində fəsadlara səbəb olub. Sakinlərin dediyinə görə, təxminən noxud iriliyində yağan dolu ağaclarda yetişməkdə olan bütün meyvələri zədələyib, tərəvəz sahələri məhv olub. Kənd icra nümayəndəliyindən də bildirildi ki, iki yanaşı kəndə uzun müddət yağan dolu demək olar ki, bütün fərdi təsərrüfatlara ziyan vurub. Dolu rayon mərkəzinə də təqribən 10 dəqiqə yağıb. Lakin daha xırda olduğuna görə fəsadsız ötüşüb. Yağışlar Lahıc qəsəbəsi ərazisində növbəti dəfə torpaq uçqununa da səbəb olub. Hündür dağlardan gələn torpaq və daşlar avtomobil yoluna tökülüb. Avtomobillərin Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdal, Vaşa, Yuxarı Zərnava, Namazgah, Güyüm kəndlərinə gediş-gəlişi dayanıb. Yolun açılması üçün əraziyə ağır texnikalar cəlb olunub.