Şamaxı şəhəri 2023-cü il üçün "Türk Dünyasının Turizm Paytaxtı" seçilib. Qərar Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci iclası və turizm üzrə işçi qrupunun 17-ci iclasında qəbul edilib. Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Mirvahid Əzimov bildirib ki, bununla əlaqədar tədbirlər planı hazırlanıb, təsdiq edilməlidir. Bundan başqa, turizmin inkişafı üzrə "Yol Xəritəsi" təsdiq olunub. Qış və qolf turizminin inkişafı üçün isə daha sıx əməkdaşlıq barədə razılığa gəlinib. Həmçinin ekspertlərin işçi qrupunun təsis edilməsi razılaşdırılıb. Türk ölkələrinin ən yaxşı kəndi layihəsinin hazırlanması da nəzərdə tutulub.