Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” günü keçirilib. Tədbirdə Qəbələ və ətraf rayonların ümumtəhsil məktəblərinin şagirdləri, müəllimlər, valideynlər, məzunlar və işəgötürən müəssisələr iştirak ediblər. Tədbir iştirakçılarına peşə təhsilinin zəruriliyi, peşə seçimi və karyera üzrə ətraflı məlumat verilib. Həmçinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin məzunları öz uğur hekayələrini danışıblar. Mərkəzin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Mühəndis-pedoqoji heyəti tərəfindən həyata keçirilən master-klasslarda iştirak edən qonaqlar, “Aşpaz”, “ Qənnadçı-şirniyyatçı”, “Dülgər”, “Qaynaqçı”, “Tikişci”, “Xalçaçı” və digər ixtisaslar üzrə ətraflı tanış olublar. Emalatxanalar, dəzgahlar, sinif otaqları, ümumi olaraq Mərkəzin ərazisi ilə tanışlıq həyata keçirilib.