Şəkinin Göybulaq kəndinə ötən gün yağan yağış səbəbindən sel düşüb. Kənddə ciddi fəsadlar törətməsə də sel kənd məktəbinə ziyan vurub. Belə ki, məktəbin arxa və ön divarı uçub. Ön hissədə uçan divar daşları elektrik dirəyini də yerindən çıxarıb. Elektrik dirəyini hazırda saxlayan tək şey naqillərdir. Əgər güclü külək əsərsə daha böyük faciə baş verə bilər. Məktəbin arxa hissəsində isə aşan divar nəticəsində həyətyanı sahəni lil basıb. Həmçinin məktəbin qazanxanası da seldən çox ciddi ziyan görüb. Qazanxananın divarlarında iri çatlar yaranıb və uçma təhlükəsi ilə üz-üzə qalıb. Qeyd edək ki, məktəbin ümumi binası seldən ziyan görməyib və dərslər davam etdirilir.