Zaqatalanın iki ən böyük kəndinin - Yuxarı və Aşağı Talanın sakinləri neçə illərdir ki, içməli su problemindən əziyyət çəkir. Hər il bir neçə dəfə sel suları kəndlərin artıq öz istismar müddətini başa vurmuş su xəttlərini yuyur. Əlacsız qalan sakinlər suyu ya nəqliyyat vasitəsi ilə uzaq məsafələrdən daşımağa, ya da almağa məcbur olurlar. Əvvəllər bir tonu 5 manata təklif edilən su isə indi 6,7 manatadır. Bu da sakinlərin ailə büdcəsinə xeyli ziyan vurur. Kəndlərə gələn su xəttləri ötən əsrin 60-70-ci illərində istifadəyə verildiyindən artıq öz istismar müddətini başa vurub. İllər ərzində əhali sayı da artdığı üçün mövcud su xətləri onsuz da sakinlərin ehtiyacını ödəmirdi. Ötən ilin sentyabr ayında baş verən sel nəticəsində filtirizasiya sistemləri tamamilə sıradan çıxdığından su gəlsə belə bulanıq şəkildə verilir. Kəndlərin su problemini kökündən həll etmək üçün su sistemlərinin də kökündən dəyişilməsinə ehtiyac var. Buna isə hal-hazırda bələdiyyələrin vəsaiti çatmır. Rayonun ən səfalı yerində yaşayıb içməli suya belə həsrət qalan Talalıların bu probleminin həlli istiqamətində Rayon İcra Hakimiyyəti, bələdiyyələr, eləcə də yerli sakinlər tərəfindən aidiyyati qurumlara müraciət edilib. Ümid qalıb həmin qurumlardan gələcək müsbət cavaba. Bu iki kəndin su sistemləri də yenidən qurularaq, Su Kanal idarəsinin balansına keçərsə sakinlərin su dərdinə birdəfəlik son qoyula bilər.