“Tənha anaların sosial inkişafına dəstək” layihəsi çərçivəsində Şamaxıda sosial müəssisə açılıb. Müssisənin istifadəyə verilməsində məqsəd tənha anaların sosial həyatda fəal iştirakını gücləndirməyə kömək etmək və qadınların iqtisadi, sosial təşəbbüslərini planlaşdırmaq və əlaqələndirmək, sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün geniş imkanlar yaratmaqdır. Layihə çərçivəsində ilk olaraq uşaqlarını tək böyüdən və çoxuşaqlı anaların seçimi aparılıb. Uyğun namizədlərə KOBİA tərəfindən biznes təlimləri keçirilib və təlimin sonunda qiymətləndirmə aparılıb. Layihəyə cəlb olunmuş şəxslərə Dövlət Məşğulluq Agentliyinin banklarla birgə icra etdiyi “Özünüməşğulluğa dəstək” layihəsi çərçivəsində dərzilik fəaliyyəti üzrə avadanlıqlar təqdim edilib. “Azəriqaz” İB-nin bazasında olan məkanlardan biri təmir edilərək sosial müəssisə formasında layihə iştirakçılarının istifadəsinə verilib. Növbəti mərhələdə Şamaxı rayon İcra Hakimiyyəti müəssisədə istehsal olunacaq məhsulların satışına dəstək göstərəcək.