Bu gün müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Musa Yaqubun vəfatından bir il ötür. İsmayıllı rayonunun Buynuz kəndində Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin açılış mərasimi keçirilib. Tədbirdə rayon administrasiyasının, Yazıçılar Birliyinin rəsmiləri, şairin ailə üzvləri, qələm dostları, ziyalılar iştirak ediblər. Çıxış edənlər şairin həyat yoluna, yaradıcılığına, Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərinə nəzər salıb, xatirələrini bölüşüblər. Görkəmli şəxsiyyətin Azərbaycanın sayılıb seçilən ziyalılarından olduğu, hər zaman xalq tərəfindən sevildiyi vurğulanıb. Daha sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin açılışı olub, önünə əklil qoyulub. Abidəni Xalq rəssamı, heykəltəraş Natiq Əliyev hazırlayıb. Tədbirdə şairin qələm dostları Musa Yaqub yaradıcılığından şeirlər səsləndiriblər.