Azərbaycan Dövlət Pedaqoji Universiteti, EYUDER (Eğitim Yöneticileri ve Uzmanları Derneği) Azərbaycan və ADPU-nun Şəki filialının birgə təşkilatçılığı ilə Şəki şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Region müəllimlərinin təhsil zirvəsi” adlı tədbir keçirilib. Filialın akt zalında keçirilən tədbirdə bu ali təhsil ocağının müəllim və tələbələri, ziyalılar, həmçinin respublikamızın 30-dək şəhər və rayonundan olan fəal müəllimlər iştirak ediblər. Tədbirdə çıxış edənlər bildiriblər ki, vətənpərvər, millətinin varlığını hər şeydən uca tutmağı bacaran, həyatının hər anını xalqının taleyinə bağlayan, xeyirxah, yaradıcı dahi şəxsiyyətlər əbədiyaşarlıq qazanır. İncəsənət ustalarının təqdim etdiyi konsertdən sonra tədbir ayrı-ayrı panellər üzrə təlim proqramları ilə davam etdirilib. Təlimlərdə “ERASMUS”, “Sabahın alimləri” respublika müsabiqəsində xüsusi istedada malik şagirdlərin yaradıcılıq qabiliyyətinin üzə çıxarılması, “Qrant layihələrin müsabiqəyə təqdim olunması və icra edilməsi”, “ETWİNNİNG layihələrinin məktəblərdə tətbiqi və səmərəsi”, “Məktəbəqədər təhsildə layihə əsaslı öyrənmə”, “İnklüziv təhsillə gələcəyə doğru”, “Yeni metodologiyalar əsasında öyrənmə” və digər mövzular müzakirə olunub.