Şəkinin kəndlərində yerləşən əksər tibb məntəqələri 21-ci əsrin səhiyyəsi ilə müqayisə edildikdə xeyli geridə qalır. Əksəriyyəti ötən əsrdən tikilən binalar artıq uçmaq üzrədir. Elə məntəqə işçiləri də çalışdıqları şəraitin idealdan uzaq olduğunu etiraf edirlər. Bəzi məntəqələr isə ya uyğunlaşdırılıb, ya da ki, bir neçə idarənin fəaliyyət göstərdiyi binada yerləşir. Bu isə tibb məntəqəsinin fəaliyyəti üçün heç də uyğun deyil. Nəzərə alsaq ki, məntəqələrə xəstə, səhhətində problem olan insanlar müraciət edir, bu zaman yoluxucu xəstəliyi olan şəxs digər idarə əməkdaşları üçün də təhlükə törədir. Problem sadəcə məntəqə binasının vəziyyəti ilə də bitmir. Tibb məntəqələrinin əksəriyyətində heç bir müasir avadanlıq, eləcə də dərman vasitəsi yoxdur. Əlbəttə tibb məntəqələrinin əməkdaşları ilkin tibbi yardım göstərə bilir. Əsasən də peyvəndləmə ilə məşğul olurlar. Ancaq hər hansı ciddi bir problem yaranarsa sakinlər məcbur olub şəhərə üz tuturlar. Məsələ ilə bağlı TƏBİB-dən bildirldi ki, qurumun fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. Hazırda kənd tibb məntəqələrinin fəaliyyətinin optimallaşdırılması məsələsi nəzərdən keçirilir. Hazırda dəyərləndirmə aparılır, təmir-bərpa işlərinin aidiyyəti dövlət qurumları tərəfindən planlı şəkildə həyata keçirilməsi planlaşdırılır.