Bu gün Dövlət İmtahan Mərkəzi Bakının Nəsimi, Nərimanov rayonlarında, Naxçıvanda, Bərdə, Cəlilabad, Daşkəsən, Gədəbəy, Göyçay, Göygöl, Qazax, Lerik, Sabirabad, Xaçmaz və Şəkidə 9 illik - orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. Ümumilikdə 107 imtahan binası, 1919 imtahan zalı ayrılıb. 24 864 şagirdin iştirakı gözlənilən imtahanda 9 nəfər fiziki məhdudiyyətli şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi şərait yaradılıb. İlkin məlumatlara əsasən, 1 nəfərdə “ağıllı” saat aşkarlanıb və araşdırma aparılması üçün imtahan qərargahına təhvil verilib. İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub. İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün 3 həftə ərzində elan olunması nəzərdə tutulur. Əməkdaşlarımız imtahan prosesini Şəkinin 11 saylı tam orta məktəbində izləyiblər. Qanun pozuntusu qeydə alınmayıb.