Bazar, 01 May 2022 07:44

Oba köçüb, yurdu qalıb…

Yolumuz İsmayıllı rayonunun Gənzə kəndinədir. Qoşakənd​ inzibati ərazi vahidində yerləşən bu kənd​ rayon mərkəzindan 25 km məsafədə Girdimançayın​ sahilində, Çilbiki dağının cənubunda yerləşir.Bir ailənin​ yaşadığı bu yerə getmək üçün Qoşakənd istiqamətinə bir neçə km asvalt yolu avtomobillə rahat şəkildə​ qət edərək Gənzə kəndinə üz tuturuq. Dağların arasından, meşənin ortasından, enişli-yoxuşlu yolları keçərək Gənzə kəndinə çatırıq. Gördüyümüz mənzərə sözün əsl mənasında ürək yandırır.. Necə deyərlər, oba köçüb, yurdu qalıb. Kəndin 4 bir yanında 500 ildən çox yaşı olan tut ağacları və o ağacların ətrafında olan​ tərk edilmiş, uçmuş qalmış yaşayış evləri. Bir zamanlar bu gördüyünüz evlərdə 500-dən çox ailə ömür sürüb. İndi isə kənddə üç nəfərlik bir ailə yaşayır. Kənd sakini Vəli​ ​ Abdullayev​ uzun illər əvvəl Laçın rayonundan bu kəndə​ köçgün düşüb. Deyir ki, əvvəllər kənddə qonşuları ilə maraqlı günlər keçirib, indi isə ətrafında qohumun,qonşunun olmaması onlara bir sıra çətinliklər yaradır.​ Heyvandarlıq üçün olduqca əlverişli olan bu torpaqların tək sakini​ Vəli​ ​ kişi isə artıq 20 ildən çoxdur ki, ailəsiylə birlikdə burada tənha ömür sürür. Kənddə məskunlaşan tək Vəli Abdullayevin​ ​ ailəsi​ olsa da, tək canlı onlar deyil. Südü, qatığı, pendiri, əti ilə dolandığı qoyunları və o qoyunlara göz dikən çöl canavarları var. Hə, bir də o qoyunlarını canavarlardan qoruyan çoban itləri. Qəhramanımız deyir ki, dəfələrlə​ vəhşi heyvanların hücumuna məruz qalıblar, köməklərinə isə çoban itləri çatıb. Vəli​ ​ kişinin​ sözlərinə görə, kəndin belə tərk edilməsinin bir çox səbəbləri var. Gözəl mənzərəsi təmiz havası olsa da bu kəndin nə suyu, nə də yolu yoxdur. Kənddə ev telefonu, internet də yoxdur. Şəbəkə tutmadığı üçün heç mobil telefondan da istifadə etmək olmur.  Həkimə ehtiyacları olmayanda isə ​ özlərini dünyanın xoşbəxti hesab edirlər. Vay o günə ki, payız -qış aylarında​ təcili həkimə ehtiyacıları​ yarana, onda da vəziyyətdən tək çıxış yolu dörayaqlı atlar olur. İcra nümayyəndəsi də bu qədim kəndin acınacaqlı​ vəziyyətə düşməsindən narahatdır. Onun sözlərinə görə, Gənzə  Azərbaycanın ən qədim kənlərindən biri hesab olunur. Hətta tarixi atəşpərəstlik dövrünə qədər gedib çıxır. Kəndin şimal-şərq tərəfində meşəlikdə əsrlər öncəsinə aid qədim qəbiristanlıq yerləşir. Bir zamanlar kəndin ərazisində​ təsərüfatla məşğul olanlar üçün​ xüsusi fermalar​ və şərab saxlanılması üçün quyular olub. O ki, qaldı kəndin  bərpa edilərək əvvəlki dövrünə qaytarılmasına. Kəndin yeganə sakinləri bu tənhalıqdan xilas olmaq üçün, Gənzədə​ işıq gələn evlərin sayının artmasını arzulayır... Ancaq belə görünür, Gənzə kəndinin​ dağ boyda dərdinə hələlik bir çarə yoxdur...

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S