ÜST-nin Avropa üzrə regional direktoru Şamaxıda Avropa İmmunlaşdırma Həftəsi çərçivəsində keçirilən tədbirlərə qatılıb. Şamaxı Olimpiya Mərkəzində keçirilən tədbirdən sonra qonaqlar Göylər kəndində ilkin səhiyyə xidməti məntəqəsinə, səyyar klinikaya və immunlaşdırma stendinə baş çəkib, tibb tələbələri və icma liderləri ilə görüşüb. “İmmunlaşdırma Həftəsi” çərçivəsində həyata keçirilən tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verilib. Daha sonra qonaqlar ilkin səhiyyə xidmətinin təkrar təşkili modeli ilə tanış olmaq üçün Şamaxı Təlim Mərkəzini ziyarət ediblər. Qonaqlara məlumat verilib ki, ilkin səhiyyə xidmətinin gücləndirilməsi universal tibbi təminatın əsasını təşkil edir. Avropa İmmunlaşdırma Həftəsinə həsr edilmiş Şamaxı səfəri Avropa İttifaqının maliyyələşdirdiyi və ÜST-nin Azərbaycan Nümayəndəliyinin həyata keçirdiyi “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsinin altı kənddə gerçəkləşdirdiyi immunizasiya kampaniyası çərçivəsində baş tutub.