Oğuzun Dəymədağlı kəndinin sakinləri içməli suya həsrət qalıb. Belə ki, kəndin içməli suya olan təlabatını qarşılamaq üçün qazılan quyudan çıxan su içmək üçün yararlı deyilmiş. Üstəlik quyu da çöküb. Bir sözlə, artıq neçə ildir ki, məsələnin həll olunmadığını görən sakinlər son ümid yeri kimi Kanal S-ə üz tutub. Biz də araşdırıb çarə tapmağa çalışmışıq.
Rayon mərkəzindən 25 km məsafədə yerləşən 300 nəfərdən artıq sakini olan Dəymədağlı kəndi artıq 2 ilə yaxındır ki, susuz qalıb. Əslində kəndin su təminatının yaxşılaşdırılması məqsədi ilə 2019-cu ildə dövlət vəsaiti hesabına bir neçə arteziyan quyusu qazılıb. Lakin istisamara verilən artezianlar tezliklə fəaliyyətini dayandırıb. Əhalinin çox ehtiyacı olan su isə ətrafı gölməçəyə çevirir. İşi müşkülə düşən kəndlilər problemlərinin həll olunması üçün döymədikləri qapı, müraciət etmədikləri qurum olmadığını ancaq məsələnin hələ də həllini tapmadığını söyləyirlər. Oğuz Suvarma sistemləri idarəsindən bildirildi ki, quyu istifadəyə verildikdən sonra uçma baş verib. Ancaq əhali bu vəziyyətdə də sudan istifadə edə bilir. İdarədən o da bildirildi ki, əhalinin içməli su ilə bağlı təlabatını ödəmək üçün yaxın günlərdə yeni quyuların qazılması planlaşdırılır. Bu məqsədlə əraziyə mütəxəssislər cəlb ediləcək.