Ötən həftə sonu Kanal S Xəbərdə Şəkinin küçələrində piyada xətlərinin silinməsi, bəzi yollarda ümumiyyətlə olmaması ilə bağlı material yayımlamışdıq. Artıq bu gündən etibarən Şəkinin küçə və prospektlərində xətləmə işlərinə start verilib. Xətlərin silindiyi və ya tanınmaz halda olduğu küçələrdə yeni xətlər çəkilir, nişanlar bərpa edilir. Yolların nişanlanması ilə məşğul olan Şəki 4 saylı Siqnal idarəsindən bildirilib ki, küçələrdə xətləmə işlərinin yubanmasına səbəb qurumda rəhbərliyin dəyişməsidir. Siqnal idarəsinin məlumatına görə, piyada keçidlərinə ehtiyac duyulan küçələrdə nişanlama xətlərinin aparılması üçün vətəndaşlar ilk öncə Şəki Baş DYP Bölməsinə müracəit etməlidirlər. Bölmə razılıq verdikdən sonra xətləmə işləri Siqnal idarəsi tərəfindən həyata keçirilir.