Ağsuda bir neçə rayonda mağazalardan oğurluq edən dəstə üzvləri tutulub. Hacısəmədli və Muradlı kəndlərində yerləşən iki mağazanın sahibi onlara məxsus obyektlərdən ümumi dəyəri 3 000 manat olan tütün məmulatları, spirtli içkilər, qadın geyimləri və ərzaq məhsullarının oğurlanması barədə polisə məlumat veriblər. Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən oğurluqları törətməkdə şübhəli bilinən dəstə üzvləri, əvvəllər də məhkum olunmuş -Ağsu rayon sakini Sərxan Hüseynov, Şəki şəhər sakinləri Nicat Quliyev və Elvin Dursunəliyev, Balakən rayon sakini Tofiq Hacıyev, eləcə də Ağdaş şəhər sakini Rövşən Qasımov tutulublar. Onlar cinayət əməllərini etiraf ediblər və birgə oğurladıqlarını sataraq öz aralarında böldüklərini bildiriblər. Aparılan araşdırmalar zamanı saxlanılan şəxslərin Ağdaş rayonu ərazisində yerləşən mağazadan da oğurluq etdikləri müəyyən edilib. Faktlarla bağlı cinayət işi başlanılıb, dəstə üzvlərinin digər rayonlarda da analoji cinayətlər törətdikləri istisna olunmur. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.