1924-ci ildə tikilərək istifadəyə verilən Amil Qeybullayev adına Çarhan kənd tam orta məktəbi istismar müddətini başa vurduğu üçün qəzalı vəziyyətə düşüb. Məktəbin tavanı, döşəməsi çöküb, divarlarında iri yarğanlar əmələ gəlib. 110 şagirdin təhsil aldığı məktəb bu günə kimi bir dəfə də olsun təmir olunmayıb. İki korpusdan ibarət təhsil ocağının 1-ci korpusu tam qəzalı vəziyyətə düşdüyü üçün orada dərslərin keçirilməsi dayandırılıb. Şagirdlər dərslərini növbəli şəkildə binanın digər korpusunda keçmək məcburiyyətində qalıblar. Amma həmin bina da uçma təhlükəsiylə üz-üzədir. Kəndin digər hissəsindəki məktəb binası 1972-ci ildə inşa olunub. Təhsil müəssisəsi tədris üçün yararsız vəziyyətə düşdüyündən məktəb üçün yeni bina tikilərək 2021-ci ildə şagirdlərin istifadəsinə verilib. 5 korpusdan ibarət bina 420 şagirdin təhsil alması üçün nəzərdə tutulsa da, hazırda bu məktəbdə 125 şagird təhsil alır. Bəzi valideynlərsə iddia edirlər ki, övladlarını yeni istifadəyə verilən məktəbə yazdırmaq istəsələr də, qəzalı məktəbin rəhbərliyi sənədləri verməkdən imtina edir. Rəhbərlik isə iddiaları əsassız sayır. Görünən odur ki, problemdən cavabdeh qurumlar xəbərdardı və həlli istiqamətində iş aparırlar. Prosesin nə vaxtadək davam edəcəyi isə məlum deyil.