Antibiotiklər – bakteriyaların inkişafını dayandıran və ya onları məhv edən kimyəvi maddələrdir. Hansı ki, antibiotiklər aşkar edilənə qədər infeksion xəstəliklər milyonlarla insan ölümünün əsas səbəbi idi. İlk vaxtlar bir sıra ağır bakterial xəstəliklərin müalicəsi kimi istifadə olunan antibiotiklər hazırda bəsit qrip zamanı belə insanlar tərəfindən müraciət olunan ilk ünvandır. Əksər xəstəlikdə xilaskar kimi gördüyümüz bu dərman vasitələri bir çox yan təsirlərə də malikdir. Mütəxəssislər bildirirlər ki, antibiotiklərdən istifadə orqanizmdəki bakteriyaları məhv etsə də, onun uzun müddət və yersiz istifadəsi həzm pozğunluğu, bağırsaqlarda narahatlıqla nəticələnə, mərkəzi sinir sistemində bəzi nasazlıqlara səbəb ola bilər. Həkim xüsusilə vurğulayır ki, antibiotiklərdən daimi istifadə etmək olmaz, çünki bu zaman orqanizmdə ona qarşı immunitet yaranır. Bununla da orqanizmimiz bir çox infeksiyalar qarşısında müdafiəsiz vəziyyətə düşür. Ancaq təəsüf ki, bir çox vətəndaş müxtəlif səbəb və bəhanələr gətirərək həkimə müraciət etməkdənsə özləri özlərini sağaltmağa üstünlük verir. Əsas da valideynlər uşaq xəstələnən kimi ilk olaraq antibiotiklərə üz tutur. Halbuki uşağın tez sağlamlığına qovuşması üçün yardım etdiyini düşünən valideynlər ona daha çox ziyan verdiyini düşünmürlər. Dünyanın bir çox ölkəsində sərbəst şəkildə antibiotik almaq mümkün deyil. Antibiotiklər yalnız resept əsasında təyin edilir və həkimin məsləhəti əsasında istifadə edilir. Odur ki, hətta ölümə belə yol açan bu dərmanlardan düzgün və təyinatına uyğun şəkildə istifadə etmək, xeyrini görmək üçün həkimə müraciət etmək önəmlidir.