Qəbələdə təbiət ərazilərində yanğın təhlükəsizliyi ilə bağlı 13 rayonun sahibkar və fermerləri ilə görüş keçirilib. Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Daxili İşlər və Kənd Təsərrüfatı nazirliklərinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin, rayon icra hakimiyyətlərinin, "Azərişıq" və "Azəriqaz" ASC-lərin rəsmi nümayəndələrinin iştirak etdiyi görüşdə yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələrdən danışılıb, bu mövzuda keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulanıb. Bildirilib ki, taxıl əkini respublikamızın ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Ona görə də aidiyyəti qurumlarla birlikdə taxıl sahələrinin yanğından qorunmasını təmin etmək üçün əlimizdən gələni etməliyik. Ehtiyatsızlıqdan və yaxud məqsədyönlü şəkildə biçindən sonra taxıl sahələrinə od vurulmasının böyük fəsadlara səbəb olduğu diqqətə çatdırılıb. Yanğınların digər əkin sahələrinə, meşəlik ərazilərə, ətrafdakı tikililərə, ərazidən keçən yüksəkgərginlikli elektrik xətlərinə ciddi zərərvurma ehtimalının olduğu da vurğulanıb. Yanğın hallarının qarşısının alınması üçün fermerlərə əkin sahələrinə od vurmamaları, əkinin ətrafında müəyyən olunmuş qaydada şumlanmış “mühafizə zolağı” yaratmaları və digər yanğın təhlükəsizliyi qaydalarına riayət etmələri barədə xəbərdarlıqlar edilib, onlara lazımi tövsiyələr verilib. Sonda o da vurğulanıb ki, ölkə üzrə bütün növ obyektlərdə yanğın, radiasiya və texniki təhlükəsizlik qaydalarına düzgün riayət edilib-edilməməsi ilə bağlı yoxlamalar aparılacaq. Təhlükəsizlik qaydalarını pozan şəxslər cəzalandırılacaq.